2024-cü ilin dekabr ayından Azərbaycan Beynəlxalq Radiosunda “Şuşanın səsi” adlı veriliş fəaliyyətə başlayıb. “Şuşanın səsi” verilişi həftədə bir dəfə Azərbaycan dilində, həmçinin xarici dillərə (ingilis, fransız, rus, erməni dillərində) tərcümə edilərək  yayımlanır.  Qarabağın tacı – Şuşa, Qafqazın sənət məbədi, maarifçilik beşiyi, tarixi mədəniyyət mərkəzi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. 

 

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, İkinci Qarabağ müharibəsi ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Həmçinin, Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi Azərbaycan tarixinə yazıldı. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli Lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan Bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib”. 
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Bununla yanaşı, Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda diqqətə çatdırılır ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.
Bununla yanaşı, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün İCESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülmüş və  “Şuşa - 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. 

Bu baxımdan, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti  “Şuşanın səsi”adlı silsilə tele-radio verilişləri təqdim etməyi zəruri hesab etdi.
Qeyd etmək lazımdır ki, maarifçilik və mədəniyyət  beşiyi olan Şuşada zəngin tarixi faktlar vaxtilə sovet dövründə mövcud ideologiyanın təsiri ilə tariximizin qaranlıq səhifələri kimi qalmışdır  ki, onları da ictimaiyyətə çatdırmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə, Azərbaycanın ictimai  fikir, milli-ideoloji düşüncə və mədəniyyət mərkəzlərindən biri olan Şuşanın zəngin tarixi-irsinin beynəlxalq aləmdə təbliği məqsədilə ictimaiyyətin marağına səbəb ola biləcək “Şuşanın səsi” adlı  maarifləndirici proqram fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edir.
Verilişin əsas məqsədi, Şuşanın tarixi-mədəni irsini, Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin zənginliyini, o cümlədən Şuşada anadan olmuş, orada böyümüş, sonradan Azərbaycanda ictimai  fikirin, elmin, maarifçiliyin, mədəniyyətin yayılmasında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında  məlumatları  həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bu səbəbdən, ilk növbədə Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyəti, şəhərin qədim məhəllələrinin, qala qapılarının, mərkəzi meydan və küçələrinin salınması,  o cümlədən Şuşanın tarixi yerləri, xüsusilə qədim memarlıq abidələri haqqında geniş məlumatların mənbələrə əsasən  təqdim edilməsi nəzərdə tutulur. 
Bununla yanaşı, Azərbaycanın tarixi, mədəni mərkəzi olan Şuşa tanınmış elm, maarif, mədəniyyət, xadimlərinin, ictimai-siyasi fikrin görkəmli nümayəndələrinin vətəni hesab edilir.  Tarixi mənbələrə əsasən XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim olmuşdur. 
Heç də təsadüfi deyildir ki, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif,  Mir Möhsün Nəvvab Qarabaği, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Salah bəy Zöhrabbəyov, Mirzə Ələsgər Növrəs, Qəmər bəyim Şeyda,  Səfərəli bəy Vəlibəyov, Cəlil bəy Bağdadbəyov İskəndər bəy Rüstəmbəyov, Cahangir bəy Zeynaloğlu, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli  və onlarla maarifçi, şair, dramaturq, publisist və ictimai xadimlərin həyatında Şuşa mühitinin mühüm rolu olmuşdur.
Şuşa XIX əsrin II yarısından Azərbaycanın mədəni mərkəzə çevrilmiş, o cümlədən musiqi və bəstəkarlıq məktəbinin yüksəlişinə səbəb olmuşdur. Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Xarrat Qulu, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Əhməd Ağdamski (Bədəlbəyli), Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Teymur Elçin, Mehdi Məmmədov, Zakir Bağırov, Çingiz Hacıbəyov, Şəmsi Bədəlbəyli,  Əbülfət Vəli,  Məhluqə Sadıqova, Nəcibə Behbudova, Osman Hacıbəyov, Əbülfət Əliyev, Kərbəlayı Səfixan Qarabaği, Lətif Kərimov, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Münəvvər Rzayeva,  Əmir Hacıyev və bir çox başqaları Şuşanın yetirdiyi, eləcə də bütün Yaxın Şərqdə məşhur olan musiqişünas, bəstəkar, xanəndə, teatr xadimi, rəssam, heykəltəraş, memar və  görkəmli sənətkarlardır.
Bu kimi maarifpərvər insanların səyi nəticəsində XIX əsrin əvvəllərindən Şuşa həm də elm-təhsil mərkəzi kimi şöhrət tapmış, orada böyük publisist, naşir, şair, yazıçı və dramaturqlar, memarlar, xəttatlar, astronomlar, alimlər, maarifçi müəllimlər nəsli formalaşmışdı.
Bununla yanaşı, XIX əsrin əvvəllərində tədricən Avropa tipli dünyəvi təhsil verən  məktəblər açılmağa başlandı. Şuşada ilk belə məktəb 1826-cı ildə yaradılmışdı. Onun ardınca 1830-cu ildə Qəza məktəbi, 1874-cü ildə şəhər məktəbi, 1882-ci ildə Real məktəb, 1883-cü ildə Qız məktəbi, 1895-ci ildə 3-cü dərəcəli xüsusi məktəb və digər məktəblər fəaliyyətə başlamışdır. Şuşada eyni zamanda Gövhər ağa, Səməd bəy Ağayev və Camal bəy Fətəlibəyovun şəxsi məktəbləri də fəaliyyət göstərirdi. Bu məktəblərdə Moskva, Peterburq, Berlin, Leypsiq, Sarbonna, Mançester, Paris və digər xarici universitetləri bitirən müəllimlər Şuşada anadan olmuş ziyalılar dərs deyirdi.
Təbii ki, bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini maarifçilik beşiyi və mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar. Bu baxımdan, hər nöqtəsi tarix söyləyən qədim Azərbaycan şəhəri Şuşanın şərəfli tarixi, o cümlədən zəngin mədəni irsi və  görkəmli maarif, elm, mədəniyyət, incəsənət, hərb, eləcə də ictimai xadimləri haqqında maraqlı faktların təqdim edilməsi, xüsusilə Qarabağın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması olduqca zəruridir. 
Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Şuşanı zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi dəyərləndirən Heydər Əliyev XX əsrin 70-ci illərində Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş vermişdi. 
Eyni zamanda, Ümummilli lider Heydər Əliyev Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. 
Bununla yanaşı,  Ümummilli liderin tapşırığı ilə görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin məzarı üstündə  məqbərə kompleksi tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdır. Ümummilli liderin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi.  Bundan  əlavə,  Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Verilişdə bu mühüm hadisələr haqqında  geniş məlumat verilir.
Bununla yanaşı, XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü, Şuşanın işğalı, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması faktları da beynəlxalq aləmə yayılır. 
“Şuşanın səsi” proqramında Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi qələbəsini şərtləndirən amillər, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi, hərbi-diplomatik və informasiya məkanında uğurlar, ərazi bütövlüyü və suverenliyin bərpası kimi mühüm məsələlər də diqqətə çatdırılır.
Eyni zamanda, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər, həmçinin  Türk dünyasının ictimai fikir və milli-ideoloji düşüncə mərkəzi kimi Şuşada keçirilən müxtəlif beynəlxalq tədbirlər haqqında  ictimaiyyətə geniş məlumat verilir.  
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə mədəni-dini abidələrin, məscidlərin bərpası prosesində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi fəal dəstəyini göstərir. Aparılan genişmiqyaslı işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunmuşdur.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin əsas hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Fond artıq Şuşada bir sıra layihələrin bərpasını başa çatdırmışdır. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılması və heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı, Çöl Qala məscidlərinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Yaradıcılıq Mərkəzinin, Mehmandarovların malikanə kompleksinin, “Şirin su” hamamının əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin bərpa olunan məzarı və digərləri daxildir.
Bu baxımdan, “Şuşanın səsi” verilişində  Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtının əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində görülən işlər  haqqında geniş  məlumatların verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.
Verilişin ideya müəllifi və şərhçisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədov, redaktoru Aybəniz Məmmədəliyeva, rəhbəri Azərbaycan Beynəlxalq Radiosunun direktoru Ülfət Rəhimovadir.