Kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçın şəhərindəki “Lacinema” Kino Mərkəzində baş tutub.

 

Film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətə öz təşəkkürünü bildirib.

“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov isə bildirib ki, filmin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir. Həmçinin zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq salnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır: “Film Laçında və ətraf ərazilərdə bərpaolunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən müharibəsi, şanlı Zəfərlə bağlı şüuraltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyət etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, mövzu məkan anlamında Şərqi Zəngəzur Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır”.

Bildirilib ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimizin, mədəniyyətimizin intibah dövrü sayılan XII-XIII əsrləri əks etdirir.

Xalq artisti Mehriban Zəki filmin Laçında təqdimatını böyük uğurun başlanğıcı adlandırıb: “Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Hər birinizi bu gün münasibətilə təbrik edirəm”.

Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi olub. Təqdimatda şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar iştirak ediblər.